“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

BMU-da I kurs tələbələrinin ictimai və mədəni fəallığına həsr olunmuş görüş keçirilib.

News Image

BMU-da I kurs tələbələrinin ictimai və mədəni fəallığına həsr olunmuş görüş keçirilib.

Bakı Mühəndislik Universitetində (BMU) I kurs tələbələrinin universitet həyatına fəal inteqrasiyasını dəstəkləmək, tələbə həmrəyliyini və ictimai fəallığı təşviq etmək məqsədilə görüş keçirilib.


Görüşdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) tələbələrin sosial, mədəni və ictimai həyatında rolu, həyata keçirdiyi layihələr, eləcə də universitetin Bədii yaradıcılıq bölməsinin fəaliyyəti, xüsusi istedadlı tələbələrin yaradıcılıq imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib.


THİK sədri Əli Hüseynov çıxışında tələbələrin asudə vaxtının səmərəli təşkili, sosial və mədəni təşəbbüslərinin dəstəklənməsi, onların universitetin ictimai həyatında aktiv iştirakının təşviq olunması məqsədilə reallaşdırılan təşəbbüslərdən söz açıb. Tələbələrin müxtəlif layihə və tədbirlərdə iştirakının şəxsi və sosial bacarıqlarının inkişafına, yeni dostluq əlaqələrinin qurulmasına və universitet mühitinə daha fəal inteqrasiyasına töhfə verdiyi bildirilib.


Daha sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, xüsusi istedadlı tələbələrin dəstəklənməsi və onların müxtəlif mədəni layihələrə cəlb olunması sahəsində aparılan işləri diqqətə çatdırıb.


Görüş çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalında uğur qazanan tələbələrin təltif mərasimi keçirilib. Həmçinin “Ən yaxşı fikri səsləndir” sorğu-yarışının nəticələri açıqlanıb və qaliblərə mükafatlar təqdim olunub.


Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi və şeir nümunələri təqdim edilib. BMU-nun rəqs kollektivinin ifasında “Zeybək” və “Cəngi” rəqsləri nümayiş olunub. Bədii proqram iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirilib

News Image

BMU-İNHA İDP-nin III məzun buraxılışı keçirilib

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.

 

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Hüseynov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Qeyd edib ki, Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən beş beynəlxalq ikili diplom proqramından biri məhz BMU tərəfindən icra olunur. Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini vurğulayan rektor proqramın davamı üçün ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib. 

 

Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. Yaqub Piriyev əlavə edib ki, BMU ilə İNHA arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2024-cü ildə yeni əməkdaşlıq sənədi imzalanıb. Həmin sənədə əsasən, proqram məzunlarının akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən 10 faizi İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları halda tam təqaüdlə təhsil almaq imkanı qazanırlar. Artıq 10-dan çox proqram məzunu bu imkandan yararlanaraq İNHA Universitetində magistratura səviyyəsində təhsilini davam etdirir.

 

Rektor məzunlara müraciətlə vurğulayıb ki, fərqli akademik mühitdə qazandıqları bilik, bacarıq və beynəlxalq təcrübə ölkənin elmi, texnoloji, iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək. Bildirib ki, yüksəkixtisaslı gənc mühəndislər kimi onların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində, müasir infrastruktur layihələrinin icrasında, rəqəmsal transformasiya və innovativ inkişaf proseslərində fəal iştirak edəcəklərinə inanır. Çıxışının sonunda rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb. Nazir müavini xaricdə ali təhsilin bütün səviyyələri üzrə həyata keçirilən dövlət proqramlarının gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ikili diplom proqramlarının sayının 8-ə çatdırılacağını deyib. İdris İsayev, həmçinin süni intellekt dövrünün çağırışlarını nəzərə alaraq gənclərə daim öz üzərlərində çalışmağı, bilik və səriştələrini davamlı artırmağı tövsiyə edib. Nazir müavini məzunların bu uğurunda professor-müəllim heyətinin zəhmətini və valideynlərin dəstəyini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirib. 

 

İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar. Fərqli mədəni mühitə uyğunlaşaraq və akademik sınaqlardan keçərək proqramı uğurla başa vuran məzunların hər biri ilə qürur duyduqlarını deyiblər. Bildiriblər ki, məzunlar iki ölkənin təhsil təcrübəsini mənimsəmiş, beynəlxalq standartlara uyğun hazırlıq keçmiş mütəxəssislər kimi qlobal əmək bazarında mühüm üstünlüklərə malikdirlər. Gəncləri sürətlə dəyişən müasir dünyada daim öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə çağıran natiqlər onları yeni imkan və uğurların gözlədiyini qeyd ediblər.  

 

Sonra çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ölkələrimiz arasında münasibətlərin son illərdə bütün istiqamətlərdə, xüsusilə təhsil, elm və innovasiya sahələrində uğurla inkişaf etdiyini deyib. Bildirib ki, insan kapitalının inkişafı istiqamətində Koreya Azərbaycan üçün etibarlı tərəfdaşdır və birgə layihələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Səfir ikili diplom proqramının yalnız yüksəkixtisaslı kadrların hazırlanmasına deyil, eyni zamanda iki ölkə arasında mədəni dialoqun gücləndirilməsinə də mühüm töhfə verdiyini qeyd edib. Ramin Həsənov bildirib ki, ikili diplom proqramının məzunları ölkəmizin sosial-iqtisadi inkişafına, innovativ potensialının gücləndirilməsinə mühüm töhfə verəcəklər.       

 

Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək onların Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji mövqeyinin, Orta Dəhlizin mühüm logistika mərkəzlərindən biri kimi artan əhəmiyyəti və ölkənin beynəlxalq nüfuzunun yüksəldiyi tarixi bir dövrdə məzun olmalarını böyük fürsət və xoşbəxtlik kimi dəyərləndirib. Səfir BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirərək, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

  

Tədbirdə “Elektrik mühəndisliyi” ixtisası üzrə məzun Amin İslamov və “İnformasiya texnologiyaları” ixtisası üzrə məzun Zoyarida Rəhimova çıxış ediblər. Bildiriblər ki, proqram onlara beynəlxalq səviyyəli təhsil almaqla yanaşı, fərqli akademik və mədəni mühitdə inkişaf etmək, yeni bilik və bacarıqlar əldə etmək, qlobal dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradıb. Məzunlar Azərbaycan Prezidentinə və proqramın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.


Tədbirin təşkilində BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər. 


Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.

 

Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub. 

Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb. 


BMU-da “Məzun Günü” təntənəli şəkildə qeyd olundu

News Image

BMU-da “Məzun Günü” təntənəli şəkildə qeyd olundu

Bakı Mühəndislik Universitetində 2025/2026-cı tədris ili üzrə “Məzun günü” keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, məzunlar və onların valideynləri iştirak ediblər. Mərasim Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxışlarda məzunlar təbrik olunub, onların yeni həyat mərhələsinə qədəm qoyduğu vurğulanıb və gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Bildirilib ki, BMU-da son illər rəqəmsal transformasiya, innovasiya, beynəlxalq əməkdaşlıq və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mühüm uğurlar əldə olunub.

Bu il universitetdən 1142 tələbə məzun olub, onlardan 75 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Tədbir çərçivəsində universitetin sosial-ictimai həyatında fəal iştirak edən məzunlara fəxri fərmanlar təqdim olunub, fakültə və ixtisas birinciləri mükafatlandırılıb.

Məzun günü bədii proqram, ənənəvi papaqatma mərasimi və musiqili çıxışlarla başa çatıb.

BMU-da “Dekada Ideaton” layihəsinin təqdimatı olub

News Image

BMU-da “Dekada Ideaton” layihəsinin təqdimatı olub

Bakı Mühəndislik Universitetində “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində “Dekada Ideaton” layihəsinin təqdimatı keçirilib.

Layihə süni intellekt və innovativ yanaşmalar vasitəsilə aktual problemlərə həll yolları axtaran yaradıcı gənclərin aşkarlanması və onların inkişafına dəstək göstərilməsini hədəfləyir. Tədbirdə layihənin əsas istiqamətləri, iştirak qaydaları, seçim meyarları, təlim və mentorluq imkanları barədə məlumat verilib.

Təqdimat zamanı tələbələrin sualları cavablandırılıb və layihədə fəal iştirakın əhəmiyyəti vurğulanıb. Layihənin təqdimatında Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.

BMU-da Azercell nümayəndələri ilə tələbələrin görüşü keçirilib

News Image

BMU-da Azercell nümayəndələri ilə tələbələrin görüşü keçirilib

Bakı Mühəndislik Universitetində “Azercell Telekom” MMC nümayəndələrinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri ilə görüşü keçirilib.

Universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzi tərəfindən təşkil olunan görüşün əsas məqsədi tələbələri “Azercell” şirkətinin fəaliyyəti, təcrübə və karyera imkanları ilə tanış etmək olub. Tədbir zamanı şirkətin layihələri, işə qəbul prosesi və müsahibə mərhələsinə hazırlıqla bağlı faydalı tövsiyələr paylaşılıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb və onların karyera inkişafı ilə bağlı fikirləri dinlənilib. Tədbirdə həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.

BMU-da hüquqi maarifləndirici tədbir

News Image

BMU-da hüquqi maarifləndirici tədbir

Bakı Mühəndislik Universitetində “Hüquqlarını bil: fərdlərin müxtəlif sahələrdə hüquqları, yerli və beynəlxalq qanunvericiliyin müqayisəli təhlili” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə hüquqi biliklərin tələbələrin gələcək peşə fəaliyyətində, xüsusilə logistika, nəqliyyat və idarəetmə sahələrində önəmi vurğulanıb. Seminar zamanı fərdlərin hüquqları, şəxsi toxunulmazlıq, istehlakçı hüquqları və hüquqi müdafiə mexanizmləri barədə məlumat verilib.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, hüquq sahəsi üzrə mütəxəssislər, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər. Sonda interaktiv müzakirələr aparılıb, viktorinada fərqlənən tələbələrə hədiyyələr təqdim olunub.

BMU tələbələri arasında intellektual yarış keçirilib

News Image

BMU tələbələri arasında intellektual yarış keçirilib

Bakı Mühəndislik Universitetində Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, milli dəyərlərin qorunması və gənclərin inkişafına verdiyi önəm haqqında məlumat verilib. Daha sonra universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə iki mərhələdən ibarət yarışa start verilib.

Yarış zamanı iştirakçılar Heydər Əliyevin siyasi irsi, dövlətçilik prinsipləri və Azərbaycan tarixindəki rolu ilə bağlı sualları cavablandırıblar. Yarışda həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak ediblər.

Nəticələrə əsasən, I yeri “İstiqlal”, II yeri “Azadlıq”, III yeri “Göytürk”, IV yeri isə “Qafqaz” komandası qazanıb. Sonda qalib komandalara diplomlar təqdim olunub.

BMU-da yeni nəsil metalların tətbiqinə dair seminar keçirilib

News Image

BMU-da yeni nəsil metalların tətbiqinə dair seminar keçirilib

Bakı Mühəndislik Universitetində “ALMET-STP şirkətinin metalların sınaq laboratoriyasının imkanları və amorf quruluşlu yeni nəsil metalların enerji ötürücü qurğularda tətbiqi” mövzusunda seminar təşkil olunub.

Seminarda Mühəndislik fakültəsinin professor-müəllim heyəti, tələbələri, ALMET-STP MMC-nin nümayəndələri, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri iştirak ediblər.

Tədbirin açılışında mövzunun aktuallığı və istehsal müəssisələri ilə universitetlər arasında bu cür seminarların təşkilinin əhəmiyyəti vurğulanıb. Daha sonra Metalların sınaq laboratoriyasının imkanları, müasir avadanlıqları və beynəlxalq standartlara uyğun fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Seminar zamanı amorf quruluşlu metalların enerji ötürücü qurğularda tətbiqi və karbon emissiyalarının azaldılmasındakı rolu da diqqətə çatdırılıb. Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçirilir

News Image

BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçirilir

Bakı Mühəndislik Universiteti və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların X Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib. Açılış çıxışlarında konfransın gənc tədqiqatçıların elmi nailiyyətlərinin təqdim olunması, yeni ideyaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olduğu vurğulanıb.

Konfransa Azərbaycanla yanaşı, bir sıra ölkələrdən 520-dən çox məqalə təqdim olunub və onlardan təxminən 450-si elmi ekspertizadan keçərək qəbul edilib. Plenar iclasda müxtəlif elmi mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb və məruzəçilərə sertifikatlar təqdim olunub.

Tədbirdə həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv könüllüləri də iştirak edərək konfransın təşkilati proseslərinə dəstək göstəriblər. Ümumilikdə 25-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.